Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əkrəm Həsənov: Venesuelanın gününə düşə bilərik

“Ya kəskin devalvasiya olacaq, ya da dollar satışı bərpa olunacaq”

“6 gün sonra səfərim var. Ancaq əlimdə kifayət qədər pulum yoxdur. Banklar xarici valyuta satmır. Satanlar isə şəxsiyyət vəsiqəsi ilə 100, maksimum 200 dollar verir. Başqa banka gedirsən deyir, “siz artıq limitinizi doldurmusunuz”. Məcbur olub başqalarından xahiş etdim, yaxınlaşıb bankdan 100 dollar aldılar. Bir sözlə, əziyyətlidir. Bilmirsən hazırlığını görəsən, yoxsa dollar dərdinə düşəsən”, – deyir, gənc musiqiçi Əzizə Abışova.

Dollar niyə satılmır?

Son günlər banklardan dollar almaq istəyənlər ya satışın dayandığını, ya da məhdud, yalnız 100-200 dollar ala bildiklərini deyirlər.

Son günlər mətbuatın gündəmini manatın yenidən devalivasiyaya uğrayacağı xəbəri tutub. Ekspertlər bankların dollar satışını dayandırmasını qarşıdan gələn devalivasiya və özlərinin dollar olan tələbatı ilə əlaqələndirirlər.

Bu sahənin ekspertləri ötən ilin fevralından bu yana indiki səviyyədə ajiotajın müşahidə edilmədiyi fikrindədirlər.

“Mərkəzi Bank və Neft Fondu banklara kifayət qədər dollar satmır”

Bank üzrə ekspert Əkrəm Həsənov bankların dollar satışını dayandırmalarının səbəblərinə aydınlıq gətirib. Bildirib ki, burada həm obyektiv, həm də subyektiv səbəblər var. Obyektiv səbəb odur ki, Mərkəzi Bank və Neft Fondu banklara kifayət qədər dollar satmır. Yəni, bankların özündə dollar qıtlığı var.

Ekspertin fikrincə, bu qıtlığın qarşılığında olan dollar tələbatı bankları satışı ayandırmağa vadar edib:

“Çünki bankların özünün də dollara tələbatı böyükdür. Məsələn, xarici banklara kreditləri var, onları ödəməlidirlər, habelə əmanətçilər əmanətlərini çıxarır və s. Həm də müştəriləri dollar almaq istəyir”.

Dolların satışını dayandıran bankların vəziyyəti digərlərindən dahamı ağırdır?

Əkrəm Həsənov deyir ki, son zamanlar Mərkəzi Bank gözlənilən kimi banklara manatla kreditlər verib. Banklar isə həmin vəsaitlər hesabına müştərilərinə (təbii, əsasən özlərinə yaxın olan, bəlkə də elə öz şirkətlərinə) kreditlər təklif etdilər.  Müştərilər də həmin kredit vəsaitinə dollar almaq istəyir ki, devalvasiyadan gəlir götürsünlər:

“Bir sözlə, Mərkəzi Bankın verdiyi kredit vəsaitlərinin bir hissəsi valyuta bazarına axıb (çünki verilən kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət sistemi yoxdur, qurulmayıb) və manata təzyiqi gücləndirib. Beləliklə, bankların əlində dollar az olduğu üçün ya heç satmırlar, ya da məhdud çərçivədə satışa çıxarırlar. Təbii, heç satmayanların vəziyyəti yəqin daha ağırdır. Amma burada subyektiv səbəbin rolu da böyük ola bilər”.

Manat və dollar pul vahidləri
Manat və dollar pul vahidləri. Fotoqraf:: Trend

“Banklar yaranmış vəziyyətdən sui-istifadə edərək dollar satışından daha çox qazanmaq istəyirlər”

Ekspert bildirir ki, bəzi bankların əlində dollar varsa belə, onu rəsmi deyil, qeyri-rəsmi (qara bazar vasitəsilə) satmağa üstünlük verirlər. Çünki qanunsuz olan qara bazarda 4 faizlik marja tələbi yoxdur. Bir sözlə, bu banklar yaranmış vəziyyətdən sui-istifadə edərək dollar satışından daha çox qazanmaq istəyirlər.

Bəs, Mərkəzi Bank niyə dollar satmır?

“Çünki ehtiyatları az qalıb – 4 milyarddan bir az çox. Həmin ehtiyatın da əriməsini istəmir”, – deyən Əkrəm Həsənov əlavə edir:

“Ancaq Mərkəzi Bank bununla yanaşı kəskin devalvasiyaya da getmək istəmir. İstəyir ki, banklara dolları Neft Fondu satsın. Neft Fondu da satır, amma həftədə 100 milyon. Bu isə çox azdır. Neft Fondu da ehtiyatlarının əriməsini istəmir. Həm də Neft Fondunun ehtiyatı ancaq pulda deyil axı: daşınmaz əmlakda, qiymətli kağızlarda və s. var. Dollara tələbat artdıqca, həmin əmlakları satmalı olacaq. Fond isə öz növbəsində bunu etmək istəmir”.

23 bank rəsmi olaraq dollar satışını dayandırıb

Sentyabrın 1-nə qədər 18 bank rəsmi olaraq dollar satışını dayandırmışdı. Dünən siyahıya daha 5 bank əlavə edildi. “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Yapı Kredi Bank (Azərbaycan)”, “Zıraat Bank (Azərbaycan)” və “Günaybank”.

Prosesə niyə dövlət nəzarət etmir?

Əkrəm Həsənov deyir ki, ümumiyyətlə, hazırda aidiyyəti dövlət qurumları 2 düşərgəyə bölünüb. 1-ci düşərgədə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Onlar devalvasiyanın olmasını istəmir, istəyirlər ki, Neft Fondu indiki məzənnə ilə tələb olunan həddə banklara dollar satsın:

“Devalvasiyanı da banklarla sıx bağlı olduqlarına görə istəmirlər. Banklar onsuz da dollar kreditlərini çətin yığır. Devalvasiya bir də olsa həmin kreditlər yığmaq daha da çətin olacaq. Neft Fondu və Maliyyə Nazirliyi isə əks düşərgədədir. Onlar ehtiyatların əriməsini istəmir: Neft Fondu ona görə ki, idarə etdiyi pul azalacaq, Maliyyə Nazirliyi ona görə ki, ölkənin maliyyə təhlükəsizliyinə görə məsuliyyət daşıyır və valyuta ehtiyatlarının yox olmasına razılaşa bilməz və statusuna görə simic də olmalıdır, bu, başa düşüləndir. Beləliklə də, sonuncular devalvasiya tərəfdarıdır. Maliyyə Nazirliyinə, bu, həm də ona görə sərf edir ki, ilin sonu yaxınlaşır və büdcə proqnozunu yerinə yetirmək lazımdır. Manat ucuzlaşsa, proqnozu icra etmək asan olacaq, çünki büdcəmiz manatla ifadə olunur, dollarla yox”.

“Venesuelanın gününə düşə bilərik”

Ekspert deyir ki, dövlət qurumları arasında bu fikir ayrılığı davam edir, buna görə də dollar satılmır: “Amma bu, çox davam edə bilməz, əks halda Venesuelanın gününə düşə bilərik: yəni rəsmi məzənnə ilə “qara bazar” məzənnəsi arasında fərq çox böyük ola bilər və nəticədə bank sistemi çökə bilər. Yaxında mütləq iki yoldan biri seçiləcək: ya kəskin devalvasiya olacaq, ya da dollar satışı bərpa olunacaq. Amma sonuncu halda ehtiyatlarımız kəskin azalacaq, deməli, devalvasiya sadəcə təxirə salınacaq”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycanda “cip” yığılacaq – FOTO

%d bloqqer bunu bəyənir: