Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ozel

Əhali kütləvi özəlləşdirmədən kənarda qalacaq

“Yağlı tikələr” yenə bir qrupun əlində cəmləşir, sadə vətəndaşların prosesdə iştirak etməsi mümkün deyil
SOCAR-ın “Dalğa”, “Nabran”, “Qubek Otel”, “Şahdağ” istirahət zonaları kimə qismət olacaq?

Ölkədə bir sıra cəlbedici dövlət müəsssələri özəlləşdirilməyə açılıb. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir. Əlavə olaraq, dövlət başçısının Fərmanına əsasən 215 müəssisə və obyekt də özəlləşdirilməyə açıq elan olunub. Bununla da, ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb.
 
Bizimyol.info həmin müəssisələrin tərkibini araşdırıb.
Özəlləşməyə yeni açılan müəssisələrə müxtəlif dövlət qurumları və təşkilatlarının balansında olan istirahət zonaları, xəstəxanalar, ambulatoriyalar, poliklinikalar, zavodlar, qeyri-yaşayış sahələri, müxtəlif təyinatlı bina və obyektlər aiddir. Dövlət təşkilatların tabeliyində olan bir xeyli əmlak da eyni zamanda onların nəzarətindən çıxarılır. Prezidentin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən özəlləşdirilməyə açıq elan olunan dövlət müəssisə və obyektlərinin siyahısına daxil olan 215 dövlət əmlakının tərkibində bir xeyli də kiçik obyektlər var.
Kənd Təsərrüfatı Nazirliyinin Təcrübə-Sınaq və Təmir Zavodu və onun yardımçı təsərrüfatı, Səhiyyə Nazirliyinin Respublika Uşaq Stomatologiya Mərkəzi və Tibb texnikasının təmiri və Quraşdırma Baza zavodu, Lənkəran rayon Stomatoloji poliklinikası, Sumqayıt şəhər 1 nömrəli Təsərrüfat hesablı Stomatoloji poliklinikası, Beyləqan rayon Stomatoloji poliklinikası, M.Əliyev adına Təsərrüfat hesablı Respublika Poliklinikası, 4 saylı təsərrüfat hesablı poliklinika, Respublika Uşaq Sanatoriyası, Təmir-tikinti trestinin Təsərrüfat Hesablı Təmir tikinti sahəsi, Kardiorevmatoloji Sanatoriyası, Gəncə şəhər Səhiyyə İdarəsinin 1 saylı təsərrüfat hesablı poliklinikası səhmdar cəmiyyət və kiçik müəssisələr kimi özəlləşdirməyə təklif edilib.
22 kinoteatr və 2500 mədəniyyət evi-klub dövlətsizləşdirilir
Mədəniyyət və Turizm Nazirliyinin əsasən paytaxtda yerləşən 6 müəssisəsi, həmçinin Şəkidəki Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi, respublikanın müxtəlif şəhər və rayonlarında olan 22 kinoteatr, o cümlədən paytaxtdakı məşhur “Vətən”, “Dostluq” kinoteatrları hərraclarda kiçik müəssisələr kimi özəlləşdiriləcək. Ölkənin şəhər, rayon və kəndlərində  yerləşən 2507 mədəniyyət evi və klublar da özəl əllərə veriləcək. Təhsil Nazirliyinin Bakıdakı “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC, Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi hərraclarda satılacaq. Gənclər və İdman Nazirliyinin Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin “İnşaatçı” təlim-məşq bazası və Mehdi Hüseynzadə adına şəhər stadionu, Naftalandakı “Azəridmanservis” Müəssisəsinin Sağlamlıq Mərkəzi investisiya yolu ilə səhmdar cəmiyyət və kiçik müəssisə formasında özəlləşdiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala, Göygöl, Qəbələ, Qaradağ, Şirvan, Yevlax, Tovuz, Lənkəranda balıqartırma və balıqyetişdirmə müəssisəsiləri investisiya müsabiqəsi yoluyla səhmdar cəmiyyətinə, Xətai rayonundakı Geoloq İdman Klubu investisiya yolu, Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının “Gənc geoloq” düşərgəsinin əmlak kompleksi hərracda kiçik müəssisə olaraq özəlləşdiriləcək.
Məşğulluq xidmətləri və “Qaçqınkom”a aid iş yerləri “satışa” çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 92 müəssisəsi də özəlləşdirməyə çıxarılıb, bunlar əsasən istehsal və emalla məşğul olan iş yerləridir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də 14 təsərrüfat müəssisəsi, tikinti idarələri hərrac yolu ilə kiçik müəssisə olaraq özəlləşdirməyə açılıb. Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı hərracda səhmdar cəmiyyət kimi özəlləşdiriləcək. “Azneftkimyamaş” ASC-nin paytaxtdakı 14 müəssisəsi, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-nin Bakı və bölgələrdə yerləşən topdan satış müəssisələri investisiya müsabiqəsinə veriləcək.
Gəncə Avtomobil Zavodu da özünü doğrultmadı: satacaqlar!
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 21 müəssisə, o cümlədən Baş  İstehsalat Təmir-Tikinti İdarəsinin 6 saylı Təmir Tikinti İdarəsi, Bakı Şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi, Baş İstehsalat Təmir Tikinti İdarəsinin Avtomobil Nəqliyyatı Kontoru, İdman Kombinatı, “Kommunal-Konstruktor” MMC, “Kommunal Xidmətlər Müəssisəsi” MMC, Yaşıllaşdırma Təsərrüfatı Birliyi hərrac, investisiya yolu ilə ASC və kiçik müəssisə kimi özəlləşdiriləcək. Özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Gəncə Avtomobil Zavodunun da investisiya müsabiqəsi yolu ilə səhmdar cəmiyyət kimi özəlləşdirilməsi nəzərdə tutulur.
Dəniz Vağzalı da “müstəqil” olacaq
Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına isə 137 əmlak daxildir. Bunlar əsasən istirahət mərkəzləri, xəstəxana və poliklinikalardır.
Hərraca çıxarılacaq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Novxanı-Sarıqaya qəsəbəsindəki “Portovik” İstirahət evi, Pirşağıdakı “Sülh” pioner düşərgəsi, Neftçilər prospektindəki Vağzal binası və Üzeyir Hacıbəyli küçəsindəki Mədəniyyət evi, yay zalı kilçik müəssisələr kimi satılacaq.
SOCAR-ın 22 məşhur obyektindən dövlət gəlir götürə bilmir
“Azərbaycan Hava Yolları” QSC-nin Pioner düşərgəsi, 77 №-li mağaza özəl əllərə veriləcək. QSC-nin tabeliyində olan müəssisələrin demək olar hamısı qurumun nəzarətindən çıxarılıb. Amma bütün bunlar ictimaiyyətin xəbəri olmadan həyata keçirilib. “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzinin Sanatoriya-Profilaktoriyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyindəki uşaq bağçaları, pansionat və xəstəxana, o cümlədən Mərkəzi Dənizçilər Xəstəxanası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Dalğa” istirahət evi, “Azərenerji” ASC-nin klub, istirahət evi, uşaq bağçası, idman oyunları binası, “Azərsu” ASC-nin tabeliyində olan “Birləşmiş Sukanal” MMC-nin yardımçı təsərrüfatı, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası, Bakı Vaqon Təmiri Zavodu, digər xəstəxana və ambulatoriyalar (ümumilikdə 22 müəssisə), Nəqliyyat Nazirliyinin “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC üzrə yarımstansiya binaları, dayanacaq pavilyonu, qeyri-yaşayış sahəsi, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə məxsus istirahət mərkəzləri, pansionatlar, idman kompleksləri, Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin “Təbib” İdman  sağlamlıq düşərgəsi, Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində olan Bakı Dövlət “Cıdır Meydanı” MMC, Müdafiə Sənayesi Nazirliyinin 10 adda əmlak kompleksi, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman İstirahət Mərkəzi, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yardımçı təsərrüfatı və Sosial İnkişaf İdarəsi üzrə 22 obyekt, o cümlədən Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ”, Ağsuda “Duruçay” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var.
Amma sonuncular özəlləşdirildi-özəlləşdirilmədi, mənfəətlə işləyirlər. Həmin istirahət mərkəzlərində xidmət kifayət qədər bahadır. Bununla belə, xeyrini bu otelləri işlədənlər görür, dövlət yox. Yəqin ki, hərraclara da özlərindən başqa iddiaçı qismində “düşən” olmayacaq. Son vaxtlar keçirilən hərracların gedişinin təhlili söyləməyə əsas verir ki, belə obyektlərə ikinci adamlar yaxın durmağa cürət etmirlər.
Bakı Şəhər İcra Hakimiyyəti üzrə paytaxtın Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri də özəlləşməyə açılıb.
Əhali “böyük özəlləşmə”-ni sadəcə seyr edəcək
Sadalanan müəssisələrin özəlləşdirilməsində başlıca  məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Həqiqətən də bu müəssisələrin çoxu büdcənin bir xeyli hissəsini “yeyir”. Misal üçün 2014-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələrinə büdcədən 14,2 milyon, 2015-ci ildə 14,8 milyon, 2016-cı ildə də yenə 14,5 milyon manat vəsait ayrılıb. Amma adıçəkilən tibb müəssisələrindən büdcəyə nə qədər pul ödəndiyi hesabatlarda əksini tapmır. Odur ki, onların büdcədən asılılığını aradan qaldırmaq üçün özəlləşdirməni yeganə yol seçirlər. Halbuki, bu müəssisələr dövlət qurumlarının tərkibində ola-ola da ən azından özü-özünü malyyələşdirə bilərlər.
Bu cür müəssisələrin 15 faizi qanunvericiliyə əsasən güzəştli qiymətlərlə kollektivə satılmalıdır. Amma bu üsul çek özəlləşdirməsində qaldı. Hərrac və ya investisya qaydasında özəlləşdirmələrdə kollektiv iştirak etmir və beləliklə də əhalinin böyük bir qismi özəlləşdirmədən kənarda qalmaqla bərabər, “yağlı tikələr” bir qrupun əlində cəmləşir. Indi də belə olacaq: hər kəs istifadəsində olanı dolayısıyla özü satın alacaq. Bu da olacaq “böyük özəlləşdirmə”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İşığın və qazın qiyməti niyə qaldırıldı? – İnanılmaz səbəb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: