Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
102566

Əgər əzizlərinizi söydürmək istəyirsinizsə…

Sosial şəbəkələr, onlayn media və ümumilikdə interaktiv yeni texnologiyalar dünyanın bütün normal ölkələrində hər kəs üçün əlçatandır. O cümlədən Azərbaycanda da. Bu isə o deməkdir ki, küçə süpürən də, professor da, nazir də – yəni hər kəs onlardan gen-bol və kənar müdaxiləsiz istifadə edə bilər.

Təbiidir ki, belə bir sərbəst müstəvi hər kəsin özünü olduğu kimi – mahiyyətinə uyğun sərgiləməsinə imkan verir. Yəni hər bir netizen (onlayn istifadəçi) ailəsindən aldığı tərbiyəni, əxlaqı burda da olduğu kimi sərgiləməklə mənsub olduğu soyun, nəslin hansı səviyyədə olduğunu göstərmiş olur.

Sözümün canı var. Hər zamankı kimi əlbəttə.

Şəxsən mən, ümumiyyətlə isə ailəmin hər bir üzvü sosial mediadan gen-bol istifadə edənlər arasındayıq. Hətta bir çox məsələlərdə xeyli öndəyik də. Həm işimiz, həm həyat tərzimiz, həm də ümumiyyətlə yeni texnologiyalara və mütərəqqi ideyalara açıq olmağımız bizim zamandan geri qalmamağımızı şərtləndirir. Bəzən yoruluruq, bezirik, amma yenə də təmkinlə yolumuza davam edirik. Çünki inanırıq ki, bizi sevənlər, bəyənənlər olduğu kimi, sevməyənlər, bəyənməyənlərin olması da tam normaldır. Yəni ideal deyilik, insan övladıyıq və yəqin ki, hər kəs kimi bizim də hansısa qüsurlarımız mütləq vardır. Üstəlik, hər kəs də bizi sevməyə, bəyənməyə borclu deyil. Necə ki, biz də hər kəsi sevməyə, bəyənməyə borclu deyilik. Amma ki, həm biz, həm də bizi sevməyən və bəyənməyənlər mütləq şəkildə qarşılıqlı sayğı göstərməyə borcludur. Bəyənmə, sevmə, amma bunu nəzakət çərçivəsində, ədəb-əxlaq sınırları içində ifadə et. Bununla həm özünə, həm mənsub olduğun ailəyə, soya, nəsilə, həm də ətrafındakı insanlara sayğı gətirmiş olarsan.

Tez-tez müzakirə və mübahisələrə tuş gəlirik. Bəzən özünübilməzin biri bizi tənqid etmək istəyir. Dözümlü, təmkinli yanaşırıq. Düşünürük ki, hamıdan eyni yüksək səviyyəni gözləməyə haqqımız yoxdur. Hər kəs öz səviyyəsində müzakirə aça, mübahisə edə, sonuclara qatlana bilər. Bizi tənqid etmək isə hər kəsin haqqıdır. Tanıyanın da, tanımayanın da. Sadəcə bunu etik çərçivədə etməsi yetərlidir ki, bütün suallarına, iradlarına, təkliflərinə münasibət bildirək, ona zaman ayıraq.

Bütün bunlar öz yerində. Bəzən etik hədləri aşıb əxlaq çərçivəsindən çıxan, açıq müstəvidə küçə söyüşləri ilə bizi təhqir edənlərə də rast gəlirik. Çox zaman bu adamlar bizi yetərincə tanımır, adətən də kimlərinsə fitvasına gedib belə əməllərə yol verirlər. Bax, bu zaman dözümümüz tarıma çəkilir, özümüzü onların səviyyəsinə endirməmək üçün enerji və zaman xərcləməli oluruq.

Belə adamlar düşünürlər ki, təhqirlə bizi tutduğumuz yoldan, inandığımızdan çəkindirə biləcəklər. Onlara elə gəlir ki, söyüş söyməklə, bizi təhqir etməklə nəyəsə nail olacaqlar. Amma fərqinə varmırlar ki, bu əməlləri onları dibdən dibə vurur, qalan yerdən də bədbəxt edir.

Belələri anlamalıdır ki, öz ana-bacılarına, yaxınlarına, ailələrinə azacıq da olsa sayğıları varsa, başqasının da ailəsinə, yaxınlarına dil uzatmamalıdırlar. Belə küçə təfəkkürlü, cılız düşüncəli varlıqlar doğrudanmı söyüş ünvanladıqlarının qayıdıb onların özünü söyə biləcəyini düşünə bilmir? Yəni 21-ci yüzildə yaşayıb da ən çağdaş texnologiyalardan istifadə edəsən, insanları söyüb-təhqir edəcək, bunun qarşılıqsız qalacağını düşünəcək qədər səviyyəsiz olasan. Mümkündürmü bu? Təəssüf ki, mümkündür.

Bu adamlar başa düşməlidir ki, kiminsə anasına, bacısına, arvadına, qızına ünvanladıqları təqhirlərin 10 qatı, 100 qatı onların öz ana-bacılarına, əzizlərinə qayıdır. Doğrudanmı bunu anlayacaq qədər təfəkkür sahibi deyilsiniz?

Hələ mən özünü amerikançı, avropaçı elan edib bu cür söyüş söyənləri demirəm. Bu adamlar iddia edir ki, Azərbaycanda hər şey bərbaddır, ona görə də qarşılarına keçən hər kəsi söyürlər. Özlərini isə Avropa səviyyəli elan edirlər. Əgər doğrudan da Avropa səviyyəniz varsa, bu söyüşlər nədir? Niyə hər gün əzizlərinizi, doğmalarınızı minlərlə adama söydürürsünüz? Niyə hesab edirsiniz ki, hamıdan ağıllısınız və yalnız sizin əməlləriniz, düşüncələriniz mütləq həqiqətdir? Məgər ətəyində namaz qıldığınız Avropada, Amerikada fərqli düşüncə sahiblərinin bir-birinə qarşılıqlı sayğısını görmürsünüzmü? Məgər o gördüklərinizi mənimsəməyə, o həyat tərzinə alışmağa səviyyəniz yetmirmi? Yetmir məncə. Yetmirsə, deməli səviyyəsizsiniz. Səviyyəsiz olduğunuz üçün də bizim kimi adamlara nəinki irad tutmağa, ümumiyyətlə sözümüzün üstünə söz deməyə haqqınız yoxdur. Əgər əzizlərinizi hər gün söydürmək istəyirsinizsə, di gedin özünüz kimilərinə söydürün. Biz sizə görə ağzımızı bulaşdırmaq istəmirik…

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

DİN qanunsuz ov edənlərə qarşı əməliyyat keçirib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: