Loading...
Loading...

Əflatun Amaşov “döyüldü”: Jurnalistikanın “Bandotdel”də sındırılan dişi və son anda yada düşən təbrik…

Yazım, yazmayım… Axı, məsələ yazılıq deyil, mümkündür ki, əks təsiri də olsun. Necə deyərlər, qaş düşəltdiyimiz yerdə, vurub göz çıxarda bilərik. Necə ki, bu gün elə oldu…

Tanınmış jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu haqda mediada həyat yoldaşının dilindən səslənən fikirlər tirajlanandan dərhal sonra gözləmədiyimiz baş verdi: Onu yenidən Kürdəxanı Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirdilər. Adamın ağlına belə fikir də gəlir, bəlkə sağollaşmaq yadlarından çıxıbmış…

Amma məsələ bu da deyil. Məsələ o ki, həbs olunduğu gündən vəkildən, appelyasiya şikayətindən imtina etmiş, susmağı danışmaqdan üstün tutmuş baş redaktor son 2 gün ərzində bəzi şeyləri danışdı və…Və məlum oldu ki, Fikrətin durumu biz gözlədiyimizdən də ağır imiş. Həyat yoldaşının onunla görüşündən sonra açıqladıqlarını isə həyacansız oxumaq olmur. Gəlin, həmin cümlələri nə qədər ağır olsa da yenidən oxuyaq:

“Neçə gün idi ki, Fikrətlə görüşmək istəyirdim. Amma Fikrət qoymurdu. Deyirdi gəlmə mənim yanıma. Amma mən dünən xəbər vermədən gedib onunla görüşdüm. Gördüm ki, 2 dişi sınıb. Əvvəl fikirləşdim ki, təcridxanada ediblər. Dedi ki, burada etməyiblər. Sonra o qədər yalvardım ki, niyə belə olub. Dedi ki, 34 gün başından, çənəsindən yumruq dəyən adam belə olmalıdır da. Dedim ki, bəs bədənin niyə səpib, ləkələr nədir? Bildirdi ki, 12 gün məni su üzünə həsrət qoydular. O istidə əllərimi belə yumağa qoymurdular. 12 gün qandalı da qolumdan açmadılar və arxadan başıma təpik-yumruqla vurdular. Gecələr belə qandalı açmırdılar. Qandalı açandan sonra bir həftə barmaqlarım işləmədi. İz qalmamaq üçün sifətimə yox, başıma vururdular, travma almışam. Orada dişlərimi o qədər qıcıtmışam indi ovulub tökülürlər. “Nadzor”lar və yanındakı məhbuslar mənə dedilər ki, bacı, o gecələr yatanda çığırır, dişlərini qıcıdır. Onun səsindən yata bilmirik”.

Belə-belə işlər….Deməli, bu ölkədə heç birimiz təhlükəsizlikdə deyilik. Bunlar ölkədə tanınmış bir jurnalisti heç nədən çəkinmədən bu hala salırlarsa daha sözümüz yoxdu. Yaxşı, bəs nədir Fikrətin suçu? Deyirsiniz ki, kimdənsə küllü miqdarda rüşvət istəyib, hədə-qorxu ilə pul tələb edib? Olsun!

Fikrət mafiya başçısıdı ki, kimdənsə hədə-qorxuyla pul tələb eləsin? Ya, “hədə-qorxuyla” pul tələb olunan var ha, sizcə o peyğəmbər övladıdı? Lap pul tələb edib, rüşvət istəyib – siz də tutmusunuz, daha döymək, günlərlə əli qandallı saxlamaq, dişini sındırmaq nə deməkdi?

Fikrət sıradan biri deyil, Azərbaycan jurnalistikasında xüsusi dəst-xətti olan yazardı. Mediadakı 5-10 qələm dostundan başqa hər kəsin yaxasını kənara çəkməsinə nə ad qoyaq bəs? Mətbuat Şurası niyə bir dəfə maraqlanmadı ki, bu Fikrəti “Bandotdel”də həqiqətənmi döyüblər, döyüblərsə niyə? Bilirəm, onu Mətbuat Şurasında sevmirlər, onu da bilirəm ki, heç Əflatun Amaşova da xoş deyil Fikrət mövzusu. Səbəbsiz deyil, bu səbəblərin nə qədər doğru olub-olmaması da günümüzün mövzusu deyil. Mövzu odur ki, Əflatun Amaşov mediada təkcə onu alqışlayanların rəhbəri, təmsilçisi, sözçüsü deyil. Əflatun Amaşov həm də Fikrətə görə məsuldu, məsul olmalıdı.

Hörmətli Əflatun müəllim, bu illər ərzində Fikrətlə bu yazının müəllifinin də münasibətləri həmişə rəvan, xoş olmayıb. Mübahisələrimiz, küsüşmələrimiz, barışmaz ziddiyyətlərimiz olub. Ancaq Fikrət Fərəməzoğlu mənim üçün həmişə imzadı, söz ustasıdı, söz adamıdı. O indi ən yüksək səviyyələrdə təmin olunmuş bəzi baş redaktorlar kimi “copy-paste” bilicisi olmayıb, hər zaman sözü və sözünün çəkisi olub.

Onun rüşvət alıb-almamasını, kimisə qorxudub(?) pul tələb etməsini məhkəmə araşdıracaq. Amma bizim də etməyə borclu olduğumuz nələrsə var: Fikrəti həmin sillə-təpiklər altında tək qoymamaq. O təpiklər hamımıza dəyir, əgər döyürlərsə təkcə Fikrəti döymürlər, həm də Əflatun Amaşovu, məni və bütün jurnalistikamızı döyürlər.

Gəlin, jurnalistikamızın “Bandotdel”də qırılmış dişini qarşımıza qoyub fikirləşək. Sonra hər kəs özü qərar versin: Fikrəti müdafiə eləməliyik yoxsa, yox…

Savash.ORG saytının baş yazarı Zülfüqar SAVAŞ
P.S. Sentyabrın 17-i həm də Fikrətin doğum günüdü, təbrik edirəm qardaş!

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Haqqımda yazılanlar ağ yalandır” – Sabiq nazir

%d bloqqer bunu bəyənir: