Ərdoğanla Putinin görüşü Qarabağ məsələsinin həllinə müsbət təsir göstərə bilər

Türkiyə və Rusiya liderlərinin görüşü siyasi təhlilçilərin diqqət mərkəzindədir və müxtəlif baxış bucaqlarından şərh edilir.

Lakin bəzi pessimist politoloqlarımız da var ki, onların düşüncəsinə görə, sözügedən görüşdə bütün məsələlərdən danışılsa da, Qarabağ məsələsi qətiyyən müzakirə mövzusu olmayıb və heç bundan sonra da Rusiya-Türkiyə liderlərinin gündəmində önəmli yer tutmayacaq, çünki hər iki liderin qovluğunda Qarabağdan da daha önəmli məsələlər var. Amma bu fikirlər həqiqəti əks etdirmir. Mən bu cür fikirləri absurd hesab edirəm.
Təbii ki, keçən ilin noyabr ayında Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhəddində vurulmasının nəticəsi olaraq Kremllə rəsmi Ankara arasında aylardı ki, davam edən gərginlikdən sonra dünən ilk dəfədir ki, baş tutan Sankt-Peterburq görüşündə masaya yatırılan məsələlər həddindən çox idi. Amma bununla belə, həmin məsələlər arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli məsələsi də vardı. Dünənki görüşdə liderlər Qarabağ məsələsi ilə bağlı son durumu da müzakirə ediblər. Çünki Putin Qarabağ məsələsinin sülh yolu ilə nizama salınmasında Türkiyənin də rolunun artmasında maraqlıdır. Bununla da Putin necə deyərlər, şahmat taxtası üzərində çox incə bir gediş eləyir.
Biz hər bir halda Türkiyə ilə Rusiyanın münasibətlərinin normal olmasında, hətta normaldan da daha yaxşı olmasında maraqlı olmalıyıq. Türkiyə bizim əbədi müttəfiqimiz olan ən yaxın dost və qardaş ölkədir. Rusiya isə strateji tərəfdaşımız sayılan qonşu dövlət və həm də dünya super güclərindən biridir. Odur ki, bu iki ölkənin münasibətlərinin yaxşı olması ümumi planda Azərbaycan üçün də əlverişlidir. Hətta dünənki görüşdə birilərinin iddia etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi geniş müzakirə edilməsə də belə, regionun bu iki aparıcı dövlətinin münasibətlərinin yenidən normallaşması faktı öz-özlüyündə Qarabağ məsələsinin həllinə müsbət təsir göstərəcək və prosesi sürətləndirəcək. Bu mənada, dünənki görüşdən yaxın perspektivdə müsbət nəticələr gözləməyə dəyər.
 
Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Qızmar günəş altında İŞLƏTMƏK – nazirlik hansı işəgötürəni cəzalandırıb?

%d bloqqer bunu bəyənir: